Göz calağı
Göz calağı latın dilində olan «okulus» - göz terminindən götürülmüşdür. Bu növ calaq başlıca olaraq yay-payız mövsümündə formalaşmamış tumurcuq olan gözlə vurulduğundan ona göz calağı deyilir.
Göz calağının bir neçə növü var:
Adi göz calağı
Göz calağını ildə iki mövsümdə - yaz və yay-payızda vurulması təsərrüfat üçün çox faydalıdır. Göz calağının iqtisadi cəhətdən üstünlüyü calaq vurmaq üçün bir ədəd göz və ya tumurcuğun tələb olunmasıdır. Adi göz calağı yatan gözlə və oyanan tumurcuqla aparılır.
Yatan gözlə calaq.
Calaqaltıda ikinci dəfə şirə axımı dövründə - iyul ayından başlayaraq sentyabr ayının axırlarınadək vurulan göz calağına yay-payız göz calağı deyilir. Calanmış göz tutduqdan sonra gələn ilin yazınadək yatmış vəziyyətdə qaldığından ona yatmış və ya cücərməyən göz calağı deyilir.
Oyanan gözlə - tumuqcuqla calaq.
Calaqaltıda birinci dəfə şirə axımı dövründə - aprel-may ayında vurulmuş calağa yaz göz calağı, cücərən göz calağı və ya oyanmış göz calağı deyilir. Calanmış tumurcuq 15-20 gün ərzində tutaraq oyanır, normal becərmə şəraitində vegetasiya dövrünün axırınadək bağ salmaq üçün yararlı birillik ting əmələ gətirir. Tinglik təsərrüfatlarında yatmış göz calağı daha geniş tətbiq edilir.